Mövqe

Unutmamısınızsa, yanvar ayında izlədiyimiz “Danışaq?” verilişinin qonağı aktyor Bəhram Bağırzadə regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etmişdi: “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı ilə gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz…”.

Sonra bu münasibətlə bağlı böyük qalmaqal da yarandı. Bəhram Bağırzadə, fikrindən dönmədi və daha sönra Üzeyir Haçıbəyovun abidəsi üzərinə ayaqqabı atan gənci özünün də süjetə daxil edilməsi ilə fikrini müdafiə etdi. Bu söhbət yeni deyil. Mətbuatda, televiziyada belə qərəzli baxışlar tez-tez müşahidə olunur, məişətdə eşitdiklərimiz də bir ayrı.
Bəhram Bağırzadənin fikirləri cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Aktyorun fikrini heç kim dəstəkləmədi. Çünki düşünmədən danışmışdı.
Aparıcı Rövşanə Ağasəfqızı da bu mövzuda verdiyi açıqlamada müəyyən qədər ifrata da vardı. Aparıcı dedi ki, biz xidmətçi işləyənə mədəniyyət formalaşdıra bilmərik. Niyə , elə ola bilər ki, sizin dəyərləndirmək istəmədiyiniz xidmətçi çox diplomlu, qalstuklu odun parçasına öz mədəniyyəti ilə dərs verə bilər. Bəxtiyar Vahabzadə bir şeirində yazır:
Savadsızdır,
Adını da yaza bilmir
Mənim anam… xidmətçi
Ancaq mənə,
Say öyrədib,
Ay öyrədib,
İl öyrədib;
Ən vacibi:
Dil öyrədib
Mənim anam…
Bu dil ilə tanımışam
Həm sevinci,
Həm də qəmi…
Bu dil ilə yaratmışam
Hər şeirimi,
Hər nəğməmi.
Yox, mən heçəm,
Mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi – mənim anam!..

İndi deyə bilərikmi təhsili, diplomu olmayan bu anaya mədəniyyət formalaşdıra bimərik.
Müğənni-bəstəkar Murad Arif isə bu rayonlu-şəhərli söhbətinə söyüş qoymaq lazımdır” sözləri ilə reaksiya verib”.
Həmin müzakirələrdə hörmətli aktyorumuz Şeyx Əbdülün fikirləri məsələyə tam cavab olmasa da, çox obyektiv idi: “Əminəm ki, Bəhramın qətiyyən kəndçiləri aşağılamaq fikri olmayıb. Sadəcə olaraq ya hər şeyi olduğu kimi deməyə cəsarəti çatmayıb, ya da izah etmədən birbaşa nəticəni deyib. Kəndçilər necə dolanmalıdır? Otlaq sahəsin əlindən alırsansa və yaxud çox baha qiymətə ona icarəyə verirsənsə, əkin sahələri əsasən böyük sahibkarların əlindədirsə, meyvəsini, tərəvəzini, kartof-soğanını gətirib şəhərdə sata bilmirsə, qapısında isə qəpik-quruşa verirsə, necə yaşasın? Kəndçi niyə gətirib məhsulunu rahat satıb gedə bilmir? Onlara niyə şərait yaradılmır? Bayramdan-bayrama 2-3 yarmarka yaratmaqla deyil, bu məsələlər köklü şəkildə həll edilməlidir.
Həll edilmir, insanlar da ailələrini qoyub, Bakıya, yaxud Rusiyaya üz tuturlar, nəticədə də elə problem yaranır”.
Şeyx Əbdül vurğulayıb ki, Bəhram Bağırzadənin düzgün anlaşılmamasının səbəbi var:
“Bütün bunların səbəbləri haqda danışmaq lazımdır, “Sən kəndlisən, özünü apara bilmirsən” kimi fikirlər çaşdırıcıdır, zahiri əlamətlərdir, üzdə görünəndir. Kökündə nələr dayanır, onları həll etmək lazımdır. Nəfslərinə qul olan, Azərbaycanın sərvətini yeyən şəxslər anlamalıdır ki, onlar bu yolla öz xalqına, üstəlik onlara etimad göstərən Prezidentə xəyanət edirlər(https://sonxeber.pro/view/seyx-ebdul-behramin-cesareti-catmayib-desin-ki)”.
Xalq artistinin fikrincə , nə vaxt ki, rayonlarda bu problemlər həll ediləcək, nə vaxt ki, Bakıya dolanmaq üçün yox, mədəniyyət mərkəzi kimi, yüksək təhsil naminə, elm-sənət öyrənmək üçün gələcəklər, onda da Bəhram Bağırzadənin toxunduğu məsələlər olmayacaq .
Məsələyə bir qədər də mən öz münasibətimi bildirəcəyəm.
Çox vaxt şəhərdə böyüyən gənclər açıq-saçıq geyimlərində, açıq-saçıq hərəkətlərində bura şəhərdir deyə heç bir qəbahət görmürlər. Fikirləşirlər ki, bura kənd deyil ki, topuqdan boğazacan əbaya bürünəsən. Amma kənddən gələnlər şəhər mühitinə qədəm qoyanda ilk illərdə yeni mühitə uyğunlaşa bilmirlər. Onların danışığından tutmuş ən adi hərəkətlərinə qədər hər şey adaptasiya problmlərinin üstünə, məsələn, geyim-keçimlərinə, davranışlarına “kəndçilik” yarlığı qoyurlar.
Bir vaxt kənddə yeniyetmə qızın öz həmyaşıdı olan oğlanlarla danışması, deyib gülməsi onun el içində bədnam olması demək idi, nəinki açıq-aşkar görüşmək, öpüşmək. Amma şəhərlərdə bu, heç də belə deyil. Bir oğlanın sevdiyi qızın arxasınca qızın yaşadığı binanın blokunacan gəlməsi o qızın ailəsi üçün fəxarət yaradır ki, sevdiyi var, hər gün məktəbə, işə özü aparıb gətirir.
Öpüşmək üçün isə məxsusi yerlər var. Onlayn mətbuatda belə yerlərin hər birinin koordinatlarını və real öpüşmə vaxtlarını da paylaşırlar.









İndi baxın, mətbu vasitələrdə kəndli-şəhərli söhbəti salırlar və guya kənddən gələnlərin şəhər nizamını pozduqlarını demək istəyirlər. Guya baş verənlərə rayondan gələnlər günahkardırlar.
Təbii ki, başqa-başqa zamanlar və mühit olduğu üçün fərqlilik mütləq olacaqdır. Ən ibtidai nəqliyyat və rabitə vasitələrindən bu gün hansı səviyyəyə gəlib çıxmışıq. Bu cür fərqlilik insanların şəxsində də özünü büruzə verir.
Əsrlərin arasında rəqabət olduğu kimi, nəsillər arasında da rəqabət hər zaman olmuş və həmişə də olacaqdır. Hətta ziddiyyətlər də. Doğru olanlar da elə bu ziddiyyətlərin konsensusunda ortaya çıxır. Əsas məsələ budur ki, doğrunu tapmağa maraqlar olsun. Əsas budur ki, biz müasirliyi keçmişin üzərindən adlayıb keçməklə deyil, keçmişi rədd etməklə deyil, ona əsaslanmaqla qəbul edək. Bizim mövcud əxlaqi-mənəvi dəyərlərə Qərbin təsirlərinə laqeyd qala bilmərik. Biz Qərbin elm və texnoloji nailiyyətlərinə maraq göstərə bilərik. Amma mənəvi təkamül sferasına gələndə hədəfimiz müdriklərin qoyub getdikləri irs olmalıdır. Bİz Qərb əxlaqına deyil, öz dədə-babalarımızın irsə tapınmalıyıq.
Bu öpüş, gənclərin sərhəsdiz intim istəkləri rayondan gələnlərlə yox, Qərb həyat tərzinin mənəviyyatımıza təsiri ilə bağlıdır. Seriallar, internetin nizamlanması mümkün olmayan intim süjetləri mənəvi sferada gündən-günə artan aşınma formalaşdırmaqdadır.

Kənddən şəhərə axın tarixən mövcud olmuşdur. Səbəb kəndlə müqayisədə şəhərin daha elmi və mədəni mərkəz olmasıdır. Böyük zavod və fabriklərin, tikintilərin şəhərlərdə olmasıdır. Amma kənddən şəhərə gələnlər ədəbsiz olmayıblar, əksinə, şəhərdə unudulmaqda olan bəzi ədəb-ərkanı da, şəhərə gətiriblər. Bir şey də unudulmamalıdır ki, urbanizasiya deyəndə təkcə kənddən şəhərə axın nəzərdə tutulmamalıdır. Bu gün elə ölkələr var ki, həmin ölkələrdə axın şəhərlərdən kəndlərədir.
Kənddən gələn gənclər haqqında ədəbi əsərlərdə çoxlu nümunələr var. “Abşeron” romanında Tahir Bakıya gəlir. Tahir həmin gənclərin ümumiləşdirilmiş surətidir. Nə idi o vaxt kənddən şəhərə gələnlərin günahı? Tahir küçədə yanından keçən tramvay ötəndən sonra qarşı tərəfdən də eyninömrəli tramvayın gəldiyini görüb( Yeri gəlmişkən, heyf tramvaylı, trolleybuslu Bakımızdan) heyrətlənir, təəccüb edir ki, nə tez gedib qayıtdı. Tahir bilirdi ki, şəhərdə də kənddəki kimi adamlar rayon mərkəzinə bir avtobusla gedib gəlirlər. Bu qədər sadəlövh, müəyyən qədər də müəyyən inkişaf nümunələrindən xəbərsiz olsalar da, tezliklə şəhərə adaptasiya oluna bilirdilər. O dövrün Bakısı bu şəhərə üz tutanları, amma mətinləri, məqsədi aydın olanları yetişdirdi, püxtələşdirdi. Balzakın əsərlərində də kənddən şəhərə gələn gənclər olub. İsrayıl Mustafayevin mühazirələrini xatırlayıram. Onlar gəldikləri şəhərdə Tahir kimi yetkinləşə bilmirdilər.Çünki mühit başqa mühit idi, əxlaq başqa əxlaq idi. İndi gözəl Bakımıza altdan-altdan burjua əxlaqını sirayət etdirdilər. Müəyyən qıçıq doğuran hallar kəndçiliklə bağlı deyil, Qərb həyatının hələ bərkə-boşa düşməmiş gənclərdə yaratdığı illüziyalardan qaynaqlanır.
Bu vətənin hər bir gənci bizimdir: pisi də yaxşısı da. Elə bilirsiniz Bəhram Bağırzadənin müşahidə etdiyi kəndli gənclərin qəbahətləri, nöqsanları şəhərli gənclərdə olmayıb? Olub. Bizim kənddə göl var. Digər mənzərəli yerlər də var. Rusiyadan hərbçi ailələri, Bakıdan, Mingəçevirdən, Sumqayıtdan istirahətə gələnlər çox olurdu. Qonaqlar həmin vaxtlarda qadınlarının ətəkləri topuqdan aşağı geyinən kənddə göldə alabəzək bikini və mayolrla çimərdilər, yay aylarında ryon məkəzindən piyada gölə belə geyimdə gələrdilər. Şəhərdən gələnlər istər geyimlərini , istərsə də hərəkətlərini kənd ədəb-ərkanının fövqünə qaldıranda, buna şəhər mədəniyyətinin müasirliyinə “ərkələnib” edirdilər.
Yaşıllıqda ocaq qalayar, süfrə açar, durub gedəndə də ekzotik iz qoyub gedərdilər. Amma biz o vaxt fikirləşmədik ki, şəhər əxlaqsızlıq, mədəniyyətsizlik doğurur. Kim həyatı necə başa düşür, elə də yaşayır. Təbii ki, bu cür olmamalıdır. Amma kim cəmiyyətə hansı əxlaqı, hansı davranış normasını sərgiləyirsə, bu, o anlama gəlməməlidir ki, bütün şəhərlilər və yaxud butün kənddən gələnlər belədir. Belə məsələləri hamıya aid etmək olmaz. Sadəcə, həssas məsələlərə baş vuranda bir balaca diqqəti itiləmək lazımdır.Qaş düzəldən yerdə gözü də zədələməməli. Bu xatırlatma mətbuata və özəl telekanallara aiddir, internet televiziyalarına aiddir.
Özəl kanalların şou aparıcıları rahatca iş tapıblar. Qurulu-bəzəkli studiyalarda, özləri kimi şou adamlarının zəngin evlərində və məclislərdə musiqi ilə, yüz cürə naz-nemətdən dada-dada bir də görür ayın axırıdır.
Bir dəfə parıcı Şəhla Vakkas “5/5” verilişində Zaur Kamaldan soruşdu ki, sən toya neçəyə gedirsən? Zasur dansa da, Şəhla xanım onu etiraf etdirə bildi və Zaur dedi ki, “…ayda bir dəfə olur, 4 minə gedirəm”. Zaur sonra demişdi ki, maaşım da yüksəkdir, aparıcıların içində ən çox maaş alan mənəm.
Yusif Ağayev deyib ki, 20 ildir ki, ATV kanalında çalışıram. Qonorar və maaşdan da razıyam.
Firuzə Cəlilovanın fikirləri də yazlmız üçün çox kara gəlir: “Maaşımı deyib gözə gəlmək istəmirəm. Bacarana can qurban. Toylara getmirəm və toy aparıcısı deyiləm. Gərək onlarla aylıq gəlir baxımından rəqabət aparım… Hər kəsin öz ruzisi var. Pul əl çirkidir, xərcləmək üçün qazanırıq. Əsas odur ki, əhvalımız yüksək olsun”.
Ara-sıra şou nümayəndələri gündəlik xərclərindən, xarici ölkələrə səyahətlərindən, çox bahalı geyim, avtomobil və mənzillərindən söz açırlar. Tolik maşın bağışlayır, cəmiyyətə umac ovur, əriştə kəsir…
Cəmiyyət bunları tanıyır. Ekranlarda ancaq bunlar olur. Bir kitabxançını, arxiv mühafizini, təmizlik işçişini, xəstəxana sanitarı görmüsünüzmü? Amma bu insanlar ekranı zəbt edən həmin şou nümayəndələrindən daha çox haqqı var ki, kütləvi informasiya vasitələrində təqdir olunsunlar. Əslində, kütləyə , auditoriyaya müraciət etmək üçün cavan-cavan aktyorlarl, aktrisaları, modelləri deyil, belə şəxsləri dəvət etmək lazımdır.
Bəhram bəy də, digər şou nümayəndələri də cəmiyyətə sənət haqqında, musiqimizin,teatrlarımızın, kinomuzun vəziyyəti haqqında söz desə, daha faydalı olar. Ümumi dəyərləndirmələrdə, müzakirələrdə aktyor da, şoumen də, idmançı da, fəhlə də, süpürgəçi də fikir deyə bilər.

Amma İsfəndiyar kişi (“Tütək səsi”) kimi kütləyə, elə, ulusa söz demək üçün İsfəndiyar kişi kimi də böyük həyat yolu, zəngin təcrübə lazımdır. Mətbuatımız və bəzi özəl kanallar reytinq naminə qalmaqal yaratmaqda maraqlıdır. Kimsə bir cilalanmamış fikir deyəndə, mətbuat, televiziya dərhal onu manşetə çıxarır ki, hay-küy olsun,baxış sayı artsın. Reklam sahibləri onların səhifələrinə maraqlı olsunlar.
Hesab edin ki, indi informasiyalar o qədər çoxdur ki və bu informasiyalar o qədər tez və geniş hüdudlarda paylanır ki, bunların müqabilində mənəvi aşınmalara qarşı yazılan məqalələlər, televiziya verilişləri bir çay qaşığı qədərdir.
Kütləvi informasiya vasitələrinin çoxsu da “tüfəngi atıb, keçib onlar tərəfə”. Heç onlardan bunu sorana kimi veriləcək cavab əvvəldən var: mənbə, link. Mənə görə kütləvi informasiya vasitələri bu gün , sadəcə, məlumatlandırma xidmətçisidir. Maarifçilik iyi gələn yazılar azdır, onu da sovet dövründə təhsil almış, püxtələşmiş qələm, söz sahibləri yazırlar.
İdeologiyamız haqqında ciddi düşünmək lazımdır.
Roald Dal adlı bir ingilis yazıçısı da, deyəsən bu qənaətdə imiş: “Lütfən, yalvarıram, gedin televiziyanızı çölə atın və boşalan yerdə balaca bir kitabxana qurun.”