27 mart

Tarixdə bu gün

İlin 86-cı (uzun illərdə 87-ci) günü.

Mühüm hadisələr:

1992 – Azərbaycan Respublikası Misir ilə diplomatik əlaqələr qurmuşdur.

1992 – Azərbaycan Respublikası Kuba ilə diplomatik əlaqələr qurmuşdur.

1992 – Azərbaycan Respublikası Filippin ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1927 – Məşhur rus violenç ifaçısı və drijor Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir.

Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir.

İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violenç ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violençin incəliklərini öyrənmişdir.

1943-1948-ci illərdə Rostropoviç Moskva konservatoriyasında təhsil almışdır .

1956-cı ildə bu konservatoriyanın violenç ifaçılığı şöbəsində professor təyin edilmişdir.

Dahi həmyerlimiz bir neçə ali mükafatlara, o cümlədən Böyük Britaniyanın 2-ci dərəcəli Cəngavər Ordeninə layiq görülüb. Sənətkar ilk violenç konsertini 1942-ci ildə verib. Bununla bərabər ard-arda 1947, 1949 və 1950-ci illərdə musiqi müsabiqələrinin qalibi olub. Gənc bəstəkar 23 yaşında olan zaman Sovetlər Birliyində ən ali mükafat hesab olunan “Stalin” mükafatına layiq görülüb.

Bütün SSRİ-də şöhrət qazanmış Rostropoviç Sank-Peterburq və Moskva konservatoriyalarında pedoqoji fəaliyyətlə də məşğul olub. 1955-ci ildə isə Böyük Teatrın sopranosu Qalina Vişnevskaya ilə ailə həyatı qurub. Böyük Teatrda Çaykovskinin “Yevgeni Onegin” operasını ifa etməklə operaya olan sonsuz sevgisi və yüksək dirijorluq istedadını da nümayiş etdirib.

Rostropoviç gənc violenç nəslinin formalaşmasında əvəzsiz xidmətlər göstərib. Bir çox violenç ifaçıları böyük sənətkara borclu olduqlarını açıq ifadə edirlər. Hətta mətbuat nümayəndələri onu “bütün dövrlərin ən böyük violenç ifaçısı” adlandırıblar.

1905— Sovet İttifaqı Qəhrəmanı Xıdır Həsən oğlu Mustafayev Qərbi Azərbaycanın Kirovokan rayonunun Gözəldərə (Xancikas) kəndində anadan olmuşdur. 1937-ci ildə Kirovokan RHK-dan orduya çağırılmışdır.

1937-1941-ciillərdə əsgərlik dostu Xankişi Şükür oğlu İsmayılovla birlikdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil almışdır. Müharibənin ilk günlərində motoatıcı batalyonun komandiri olmuşdur. Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopol uğrunda aparılan döyüşlərdə iştirak etmişdir.

1943-cü ilin payızında Ukrayna paytaxtı Kiyevin azad edilməsi uğrunda döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənmişdir.

1943-cü ilin noyabrın 5-dən 6-na keçən gecə Xıdır Mustafayev zərbəçi tank batalyonuna komandir təyin edilir. Komandırın təklifi ilə qurulan strateji plana uyğun olaraq batalyonun qarşısına gözlənilmədən düşmənin arxasına keçib Kiyevdən 70 kilometr aralıda yerləşən Fastov şəhərini tutmaq vəzifəsi qoyulmuşdur. Ayın 6-sı axşam Mustafayevin tankçıları şəhərə daxil olaraq dəmiryol vağzalını ələ keçirdilər. 5 saata yaxın davam edən küçə döyüşləri nəticəsində sovet tankçıları alman qarnizonunu darmadağın edərək Fastov şəhərini onlardan tamamilə təmizlədi. Düşmən döyüş meydanında 64 zenit topu, 43 tank, 16 eşalon, 40 min tona yaxın yanacaq, 5 parovoz və 40 silah ambarını qoyaraq, qaçdı.

SSRİ Ali Sovetinin 1944-cü il 10 yanvar tarixli Fərmanı ilə  ilə Xıdır Həsən oğlu Mustafayevə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

1945-ci ildə Bakıya gəlir, bir müddət İçəri şəhərdə yerləşən Bakı Şəhəri Hərbi Komendaturasına rəhbərlik etmiş, sonra mülki işə keçmiş, Azərbaycan SSR Abtomobil Nəqliyyatı Nazırlıyındə şöbə rəisi, 1 nömrəli Bakı Taksomator Parkının direktoru vəzifələrində şalışmışdır.

Xıdır Mustafayev 21 may 1976-cı ildə 71 yaşında Bakıda vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Vəfat etmişdir:

 1968 — Sovet kosmonavtı və kosmosa uçan ilk insan Yuri Qaqarin sınaq uçuşu zamanı 34 yaşında təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur.

O, Moskvada Kreml divarında dəfn olunub.

Yuri Qaqarin 1934-cü ildə kəndli ailəsində anadan olmuşdur.

1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirib Saratov sənaye texnikumuna daxil olur . 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.

27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.

9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.

1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Sergey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.

Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. “Vostok” gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.

14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

1997— Azərbaycan müğənnisi Nərminə Ağası qızı Məmmədova 65 yaşında ürək xəstəliyindən vəfat etmişdir.

Nərminə Məmmədova 1932-ci ildə Qazaxda ziyalı ailəsində dünyaya gəlib. O, doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Amma əslən Göyçaydan idi. Anası Şəfiqə xanım Azərbaycanın tanınmış ailələrindən olan Qiyasbəylilər nəslindən idi. O illərdə çox oxunan “Çalı quşu” romanının qəhrəmanının şərəfinə onlar övladlarının adını Fəridə qoymuşdular. Çox keçmir ki, Ağası bəyi “xalq düşməni” ittihamı ilə həbs edirlər. O, həbs olunan kimi ailəni yaşadıqları “İstiqlal” küçəsindəki geniş mənzillərindən çıxarıb İçərişəhərdə kiçik bir evə köçürürlər.

Şəfiqə xanım Stalin muzeyində (sonralar isə Ali Partiya məktəbində) işləyir. Fikirləşəndə ki, Fəridə adı qızına romanın qəhrəmanının taleyini qismət edər – o qızının adını dəyişdirib Nərmin yazdırır (get-gedə bu ad Nərminəyə çevrildi).

Bu evlərindən Nərminə 132 saylı məktəbdə oxumağa gedir. Lakin atasının həbsi ilə bağlı məktəbdən çıxmalı olur. 1946-cı ildə orta təhsilini tamamlayır. 13 yaşından etibarən Pionerlər evinə yazılır, məşqlərdə iştirak edir. 1963-cü ildə Radionun Ərəb dilində verilişlər şöbəsinin əməkdaşı Sinan Səidlə birgə oxuduqları Kərkük mahnıları lentə alınır. Bakı Dövlət Universitetinin (o zamanlar ADU) Filologiya fakültəsinə daxil olur, professor Cəlal Quliyevdən, Əlövsət Abdullayevdən, Mir Cəlal, Ağamusa Axundov, Yusif Seyidov kimi tanınmış alimlərdən dərs alır. 1967-ci ildə universiteti bitirir.

Atası Ağası bəy də sürgünündən geri qayıdıb gəlir.

Nərminə öz müasiri olan demək olar ki, bütün müqtədir bəstəkarların – Cahangir Cahangirovun, Tofiq Quliyevin, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Ramiz Mustafayevin, Andrey Babayevin, Qənbər Hüseynlinin, Səid Rüstəmovun mahnılarını ifa etmişdi. Nərminənin oxuduğu “Pıçıldaşın ləpələr”, “Ay işığında”, “Qərənfil”, “İlk xatirələr”, “Hardasan yar”, “Alagöz”, “Sirrimi bilmədin…” , “Habelə”, “Aman ovçu”, “Nar-nar” böyük məşhurluq qazanmışdır.

60-cı illərin əvvəllərində ailə qurur – nəcib bir ailədən olan ziyalı Ramiz Qiyasbəyli ilə evlənir. Bu nikahdan yeganə övladı Sevinc (Sevinc Qiyasbəyli-indi tibb elmləri doktoru, professor) doğulur.

1986 — Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Səməndər Mənsim oğlu Rzayev 41 yaşında Bakıda vəfat etmişdir.

Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.

Səməndərin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı.

“Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı…” Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir.

Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan insanlardır. Bəlkə də, bu, onun öz xarakterindən doğan cəhət idi. Bu yöndə yaratdığı obrazlardan “Bəyin oğurlanması” filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə düşər. “Mənəm ey, Hidayət müəllim” və ardınca da Səməndərin şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş edir.

Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər.

Və günlərin birində “Həyatın dibində” tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu soyuq səhnədə xəstə aktyor son oyunu idi…

Bayramlar və xüsusi günlər:

27 mart Beynəlxalq Teatr Günüdür. Beynəlxalq Teatr Gününün qeyd olunması ilə bağlı qərar UNESCO yanında Beynəlxalq Teatr İns­itutunun 1961-ci ildə Vyanada keçirilən konqresində qəbul olunub.

Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto olub.

Qeyd edək ki, Azərbaycan peşəkar teatrının yaranması da mart ayına təsadüf edir.

Azərbaycan peşəkar milli teatrının əsası 1873-cü il martın 10-d­a Bakıda “Lənkəran xanının vəziri” komediyasının səhnəyə hazırlanması ilə qoyulub. Ö­lkə prezidenti 10 martı “Azərbaycan Respublikasında­ “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının, eləcə də bütün elm və təhsil müəssisələrində elmi, elmi-pedaqoji, elmi-təşkilati, elmi-texniki fəaliyyət sahələrində çalışan elm adamlarının peşə bayramlarıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixi respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramı – “Elm Günü” olaraq müəyyən edilmişdir.

Azərbaycan intellektual elitasının nümayəndələrini 27 mart – Elm Günü münasibətilə səmimi qəlbdən təbrik edir, səadət, cansağlığı və Vətən üçün şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər və uğurlar arzulayırıq!

Bir şərh yazın