Od çərşənbəsi

Etnoqrafiya

Bu gün Novruzun ilaxır çərşənbələrindən ikincisi – Od çərşənbəsidir. Od çərşənbəsi qədimdə xalqımızın günəşə, odu qoruyub saxlamağa olan inamı ilə bağlıdır. Hər çərşənbə axşamı tonqal qalanır, lakin bu çərşənbə günün özünəməxsus xüsusiyyətləri digərlərindən tamamilə seçilir. Bu günü məhz Od çərşənbəsi olduğuna görə, tonqalın qalanmasının xüsusi özəlliyi vardır.Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir.

Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan Atəşpərəstlik dini ilə bağlanılırdı .  “Avesta” kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərmişdir. Vətənimizdə oda və ocağa olan hörmət, onun müqəddəsliyi danılmaz faktlardandır. Çünki neçə əsrlər bundan əvvəl insanların odu tapması və onun kəşf olunması dünya tarixinə xüsusilə yazılmışdır. Hər evin və binanın qarşısında tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir. Dünyada istilik mənbəyi olan Günəş, od, alovu  insanlar həmişə sevmiş və qorunumağa çalışmışlar. Hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunmuş və digər bir çox ünsürlərdən seçilmişdir. Ölkəmizdə olan Atəşgah məbədi də buna nümunə ola bilər.

 Allah ilk olaraq, qarmaqarışıq xaosdan suyu ayırır. Başlanğıcda kürreyi–aləm ancaq sudan ibarət olur. Sonra odun köməyi ilə suyun xassələrini dəyişdirir və günəşin şüaları ilə suyun müəyyən hissəsini qurudub torpağı üzə çıxardır. Torpaq meydana gəlməklə dünyanın bir çox elementlərinin doğuşuna şərait yaranır. Allah Yel vasitəsi ilə ilkin yaranışları bir məkandan, başqa məkana aparır . Müqəddəs günlərin çərşənbə kimi seçilməsinin isə bir izahı budur ki, Tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini yerinə yetirmiş, ikinci gün -çərşənbə axşamı yaratmağa başlamışdır: üçüncü gün su, dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaratmış, altıncı gün yaranmışların hamısına can  vermiş, yeddinci gün bütün işlərini tamamlayıb istirahət etmişdir. Bu inama görə, bütün yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbəyə düşür. Məhz çərşənbə Müqəddəs gün hesab edilirdi.

Od çərşənbəsi ilaxır çərşəmbələrin ikincisidir. Buna xalq arasında “Üsgü çərşənbə”, “Üskü gecəsi”, “İkinci cərşənbə” və yaxud “Addı çərşənbə” də deyilir.

Od xlqımızın taleyində müqəddəs hesab edilib.  Qədim zamanlarda yeni anadan olmuş uşağı odun başına dolandırmaqla paklar ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inamın və buna əsaslanan xüsusi mərasimin çox aydın izi bugün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır.

Od çərşənbəsi əski görüşlərlə bağlı olub günəşə, oda, odu qoruyub saxlamaq inamına, tapınma ilə əlaqədar yaranmışdır. Zərdüşt görüşlərindən hələ çox – çox əvvəl insanlar təbiəti canlandıran, yeri isidən günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdirmişdir. Belə bir etiqad yaranmışdır ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar təbiət o qədər isinər, insanlara xöşbəxtlik gətirər.

Odla bağlı atalar sözləri:

Od imandandır.

Od qalar köz olar, qız qalar söz olar.

Od qalayıb oda düşmüşük.

Odla zarafat eyləyən ağlar qalar.

Od yanar yerdən tüstü çıxar.

Od olan özünü yandırar

Od eyləyəni fələk eyləyə bilməz.

Oda pənah aparanın ocağı sönməz

Odu söyən qara günə qalar

Od çərşənbəsi ilə bağlı bir sıra inanclar vardır ki, onların bəzilərini burda qeyd edirik:

Odu su ilə söndürmək olmaz

Od çərşənbəsində ocaqdan od verməzlər.

Od çərşənbəsində ağlayan ağacı kəsən sonsuz qalar.

Od çərşənbəsində ocağı boş qoymazlar.

Od girsli olarsa uzaqdan qonağın gələcək.

Ocağa yanaşanda salam verərlər.

Odun gecə hirs eləməsi yaxşı əlamət deyil.

Ocaqda kül titrəyəndə od xeyrə oynayır deyirlər. Odun ailədə bir körpə dünyaya gətirəcəyinə inanırlar

Alqışlar:

Ocağın odlu olsun,qazanın qaynar.

Ocağın bərəkətli olsun.

Ocağın nurlu olsun.

Ocağın odlu olsun.

Ocağına nur çilənsin.

Ocağın qaralmasın.

Ocağın saçlı olsun.

Tapmacalar:

1.Evdən – evə qızıl yaylıq      

2.Bir nəlbəki nar giləsi,

Ələ gəlməz bir dənəsi.

3. Anası qaraca,

Qızı qırmızıca,

Oğlu qıvrımca.

Qədim adətlərə uyğun olaraq çərşənbə günündə hər kənddə, obada, məhəllədə tonqal qalanır, hər kəs tonqalın üstündən hoppanaraq “Ağırlığım- uğurluğum odlara” deyərək sanki öz dərdlərini, xəstəliklərini odda yandırırlar.

Od çərşənbəniz mübarək!

Qeyd: Paylaşma üçün açıq mənbələrdən təqdim olunur.

Bir şərh yazın